Sızdırılan məlumatlara görə Samsung
Android smartfonlarına 5 il yenilənmə dəstəyi verəcək. Cənubi Koreyalı şirkət
bundan bir müddət əvvəl elan etmişdi ki, smartfonlarına 2 böyük yenilənmə əvəzinə
3 böyük yenilənmə verəcək.
Bu xəbər bir çox istifadəçi tərəfindən bəyənilmişdi
və istifadəçilərin gözündə şirkətin dəyəri artmışdı. İndi isə sızan məlumatlar
onu göstərir ki, Samsung öz smartfonları üçün 3 yox, 4 böyük Android yenilənməsi
və əlavə olaraq da 1 il təhlükəsizlik yenilənməsi verəcək. Bu gün təqdim olunması
gözlənilən Galaxy S22 smartfon seriyası Android 12 istifadə edəcək. Samsung-un
yeni siyasətinə görə Galaxy S22 seriyası Android 16 daxil olmaqla bütün yenilənmələri
alacaq. Həmçinin Android 16-dan sonra 1 il də təhlükəsizlik yenilənmələrini alacaq.
Bu strategiya ilə Samsung şirkəti Apple-a
rəqib olmağı planlayır. Bilindiyi kimi Apple şirkəti də öz smartfonlarına uzun
müddət yenilənmə dəstəyi verir. Qeyd edək ki, bu strategiya Galaxy S21, Galaxy
S22, Galaxy Tab S8, Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 seriyaları üçün keçərli
olacaq. Yəni orta və giriş seqment smartfonlar sadəcə 3 böyük yenilənmə ala biləcəklər.
Galaxy Unpacked tədbirində yeni qərarın açıqlanması gözlənilir.